Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

“Qafqaz Konserv Zavodu” – Aqrar istehsalı stimullaşdıran bir emal müəssisəsidir

Bu günlərdə İqtisadçılar İttifaqının “İqtisadiyyat” qəzetinin “Regionların tarazlı inkişafı – 5 il Xaçmaz” başlığı altında xüsusi buraxılışı işıq üzü görmüşdür.  Ziyad Səmədzadənin rəhbərliyi ilə həyata keçirilən layihədə Xaçmaz rayonunun son 5 illik nailiyyətləri, yüksək göstəriciləri və inkişafa doğru atılan addımları qeyd edilmişdir. Möhtərəm prezidentimiz İlham Əliyevin “Rayonları inkişaf etdirməsək, uğur əldə edə bilməyəcəyik” cümləsi ilə başlayan jurnalda “Qafqaz Konserv Zavodu” MMC-yə də yer ayrılmışdır (səh. 59-60). Müəssisənin fəaliyyətini əhatə edən bu məqalə “Aqrar istehsalı stimullaşdıran emal müəssisəsi” başlığı ilə dərc edilmişdir. Aidiyyatı məqalə aşağıda diqqətinizə çatdırılır.

“Qafqaz Konserv Zavodu” MMC-nin istifadəyə  verilməsindən 5 il ötür.
“Qafqaz Konserv Zavodu” MMC Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin birbaşa məsləhəti ilə Xaçmaz şəhərində inşa edilərək, 12 sentyabr  2003-cü il tarixində istifadəyə verilmişdir.  Müxtəlif sahələrdə nailiyyətləri sıralayan zavod uzaqgörən siyasətin  nəticəsi kimi etimadı doğrultmuşdur.

Bu gün “Qafqaz Konserv Zavodu” 135 çeşiddə məhsulları ilə Azərbaycanın konservləşdirilmiş  mallara olan  ehtiyacının əsas hissəsini  təmin edir.  Burada müasir texnologiya vasitəsilə tomat pastası, ət konservi, yaşıl noxud, mürəbbə, kompot, hazır yeməklər, turşu istehsal olunur. Məhsullar  “Bizim Tarla”, “Final”, “Bostan”, “Super Sun” adları altında bazara təqdim olunur. Ölkənin ən müasir  avadanlıqlarına  sahib olan  “Qafqaz Konserv Zavodu” MMC  istehsal mərhələsində həyata keçirdiyi sistemli siyasətlə  istehlakçıların  etimadını qazanmışdır.

Ölkəmizin dinamik iqtisadi inkişafının əsas göstəricisi olan emal müəssisələrinin yüksək səviyyəli fəaliyyəti dövlətimizin daima diqqət mərkəzindədir.  “Qafqaz  Konserv Zavodu” da “Regionların  sosial-iqtisadi inkişafı  Dövlət Proqramı”  çərçivəsində bir sıra işlər görməkdədir. Konserv zavodunun fəaliyyətə başlaması şimal bölgəsinə böyük dəstək olmuşdur. Belə ki, zavod 350 nəfər işçi çalışdırmaqla  bölgədə olan işsizliyin  aradan qaldırılmasına öz töhfəsini vermişdir. Həmçinin “Qafqaz Konserv Zavodu”  öz nümunəvi fəaliyyəti ilə şimal bölgəsində zəhmətsevər xalqın dayağına çevrilmişdir.

Belə ki, zavod istehsal müəssisəsi olduğu üçün meyvə-tərəvəz məhsullarının bir hissəsini  yerli əhalidən alır.  Sakinlər  özlərinin torpaq sahələrində becərdikləri meyvə-tərəvəz  məhsullarını vaxtında zavoda təhvil verərək  zəhmətlərinin  qarşılığını alırlar.

Hal-hazırda, müəssisədə bütün əməliyyatlar  İSO-9001:2000 standartlarına  uyğun aparılır. “Qafqaz Konserv Zavodu” məhsullarının keyfiyyətinə  xüsusi diqqət yetirməkdədir. Bununla yanaşı, zavod  müasir texnologiyalar, yeni elmi tədqiqatların nəticələrinin dəyərləndirilməsi və müştərilərin   arzu-istəklərinə  əsaslanıb daim  yeniliklər etməkdədir.

“Qafqaz Konserv Zavodu” MMC 2003-cü ildən bəri nümunəvi əkin sahələri  yaradır. Mütəmadi olaraq bu illər ərzində tələbata  uyğun olaraq   pomidor, xiyar,  badımcan, qırmızı bibər, sarı pomidor əkinləri  həyata keçirilmişdir.  

Azərbaycanda  ilk  dəfə olaraq yaşıl noxud  əkini, məhz  zavodun  nümunəvi əkin sahəsində  həyata keçirilmişdir.

Artıq  Azərbaycanda  ilk dəfə yaşıl noxud  becərilməsi  və istehsalını gerçəkləşdirən  “Qafqaz  Konserv Zavodu” MMC-nin adı  tarixə qızıl hərflərlə yazılmışdır.

“Qafqaz Konserv Zavodu”-nun  məhsulları mütəmadi olaraq  ölkəmizdə və xaricdə keçirilən  sərgilərdə nümayiş  etdirilir. Sərgilərdə maraqla qarşılanan zavodun məhsulları istehlakçıların  böyük rəğbətini qazanır.   İstehsal  olunan  məhsulların  yüksək  keyfiyyətə malik olduğu  vurğulanır  və xüsusi qeyd edilir.

Müəssisə işçilərin  təcrübələrinin  artırılması üçün müxtəlif  mövzuları  əhatə edən tədris  layihələri  də həyata keçirir. Bu iş  təcrübəli   mütəxəssislər  tərəfindən  təşkil  edilir.

“Qafqaz  Konserv  Zavodu”  öz  nümunəvi   fəaliyyəti ilə müştərilərin  müəssisəyə olan inamını daha da  artıracaq,  konservləşdirmə sahəsində  yenilikçi  adını  təsdiqləyəcəkdir”.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan