Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Keyfiyyəti İnkişaf Etdirmək Sonsuz Bir Səyahətdir

İşçilərinin sosial rifahı, maddi və mənəvi rahatlığı üçün çalışan “Azərsun Holdinq” insanların ehtiyaclarının qarşılanması istiqamətində hər zaman öncüllər sırasında olmuşdur. Bu məsələ ilə birbaşa əlaqəsi olan İnsan Resursları Departamenti isə özünün yüksək fəaliyyəti ilə daim seçilmişdir. Bu sayımızda, Xaçmazda fəaliyyət göstərən “Qafqaz Konserv Zavodu”nda, işçilər üçün yaradılmış şərait və göstərilən xidmətlər barədə geniş məlumat verəcəyik. Zavodun İnsan Resursları Bölməsinin fəaliyyəti barədə aparıcı mütəxəssis Yaşar Savadov məlumat verdi.

Zavodun işçilərinin sağlamlığı ən başlıca amildir


Müəssisədə tibb məntəqəsi və yüksək təcrübəyə malik həkim fəaliyyət  göstərir. Məntəqə xəstə yatağı ilə bərabər ilk tibbi yardım göstərilməsi məqsədilə hər cür  dərman və tibbi ləvazimatlarla təchiz olunmuşdur. Eyni zamanda bütün istehsal  bölmələri və sahələr  tibbi yardım  qutuları və ilk tibbi yardım ləvazimatları ilə də təmin edilmişdir. İstehsal sahələrinin işçiləri ildə iki dəfə olmaqla tibbi müayinədən keçir və onların sağlamlıqları haqqında məlumatlar tibbi müayinə kitabçasına qeyd olunur.

İşçilərin tibbi sığortası sahəsində isə,Sənaye Sığorta”  tibb sığorta mərkəzi ilə “Qafqaz Konserv Zavodu”  MMC arasında işçilərin tibbi sığorta olunması haqqında bağlanmış müqaviləyə əsasən sığorta xərcinin 50% -i ödənməklə, işçilər 1 il ərzində tibbi sığorta  xidmətlərindən istifadə edirlər. Tibbi sığorta  xidmətlərinə Azərbaycanda fəaliyyət göstərən özəl klinika və xəstəxanalarda ödənişsiz bütün növ müayinə və diaqnostika, həkim məsləhəti, stasionar müalicə, əməliyyatlar və resept üzrə aptek xidmətləri daxildir. Sığortalanmış işçilər şəxsi sığorta kartı ilə təmin edilmişdir və onlar il boyunca özlərinə münasib bir vaxtda sığorta xidmətlərindən istifadə edə bilirlər.

Nəqliyyat  xidməti

İşçilərin işə gəlməsi və işdən aparılması üçün zavodun  xidməti avtobusu fəaliyyət göstərir. İşçilər bütün növbələrdə  həm işə gələndə, həm də işdən çıxanda avtobusla Xaçmaz şəhərinin müəyyən edilmiş müxtəlif dayanacaqlarına çatdırılırlar. Həmçinin, hər hansı bir kütləvi tədbirin keçirilməsində də avtobusların xidmətindən istifadə olunur.

Yeməkxana xidməti

Bütün işçilər  növbədə 1 dəfə şirkət hesabına yeməkxanada isti  xörəklərlə qidalana, gün ərzində 2 dəfə isə müəyyən edilmiş vaxt ərzində çay fasiləsi edə bilirlər. Yeni avadanlıqlarla təchiz olunmuş yeməkxanada işçilərin rahat qidalanması üçün hər cür şərait yaradılmışdır. Yüksək kalorililiyi və  keyfiyyəti ilə seçilən yeməklərin isə çeşidləri hər gün dəyişir.

Ərzaq səbəti

Təşkilatın bütün işçilərinə ayda 1 dəfə və əlavə olaraq əlamətdar günlərdə şirkət hesabına holdinq müəssisələrində istehsal olunan müxtəlif çeşidli  qida, məişət və təsərrüfat məhsullarından ibarət səbət verilir.

Yanğından mühafizə

Zavodun bütün İstehsal və İdarə sahələri yanğından mühafizə vasitələri ilə (qum, vedrə, bel, xüsusi köpük və s.) xüsusi su boruları və yanğınsöndürmə  xortumları ilə təchiz olunmuşdur.
Bütün istehsal  bölmələrinin  və sahələrin 2-ci və 3-cü ehtiyat çıxışları vardır:  istehsal  bölmələri və sahələrdə təhlükəsizlik və xüsusi təlim keçmiş yanğından mühafizə briqadaları fəaliyyət göstərir. Bundan başqa zavodun Fövqəladə Hallar Nazirliyinin tələblərinə uyğun təsdiqlənmiş “Mülki Müdafiə Haqqında Proqramı”  vardır.

 

Təhlükəsizlik qaydalarına riayət və əyani vəsaitlər

İşə yeni qəbul olunmuş hər bir şəxsə təhlükəsizlik texnikası mühəndisi tərəfindən, təhlükəsizlik  texnikası qaydaları barədə təlim keçirilir. Bütün sahələrdə təhlükəsizlik  texnikası üzrə qeydiyyat jurnalları mövcuddur. Sahəyə gələn şəxs təhlükəsizlik  qaydaları ilə tanış olur. Həmin sahələrdə mütəmadi olaraq təhlükəsizlik qaydaları haqqında təlimlər  keçirilir.

Məişət xidməti və sanitar gigiyenik təmizlik

İşçilər müasir tipli soyunma – geyinmə otaqları ilə təmin edilmişdir. Otaqlar hər bir işçi üçün xüsusi dolablar ilə təchiz edilib. Bundan başqa soyunma-geyinmə otaqlarında duş və tualetlər də işçilərin xidmətinə verilmişdir. Bu otaqlarda havalandırıcı sistemlər, sərinkeşlər (kondisioner) quraşdırılmışdır.     Bütün sahələrdə, hər növbədə sanitar-gigiyenik tədbirlər həyata keçirilir. Sahələr isti və soyuq su saxlama qabiliyyətinə malik keyfiyyətli dispenserlərlə təchiz olunmuşdur. İstehsalat sahələrində hava təmizləmə (havalandırma) sistemi də fəaliyyət göstərir.

İxtisasartırma kursu və təlimlər

İşində fərqlənən işçilərin hazırlıq səviyyəsi öyrənilir. İxtisasına müvafiq təlim ehtiyacları müəyyənləşdirilir və lazımi təlimlərdə iştirakı təmin olunur;
Həyata keçirilmiş tədbirlərin səmərəliliyi qiymətləndirilir;
İşçilərin özfəaliyyətlərinin və ya keyfiyyət sahəsində apardığı işlərin lazımlılığı və vacibliyi haqqında işçinin məlumatlılığı və maariflənməsi istiqamətində işlər aparılır.

İctimai nəzarətin həyata keçirilməsi

Zavodun Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən ictimai nəzarət komissiyası və ictimai müvəkkillər müntəzəm olaraq əmək şəraitinin, əməyin mühafizəsi  və istehsalatda zədələnmələrin  vəziyyətini yoxlamaq üçün tədbirlər həyata keçirir.
Keçirilən tədbirlərin yekunları HİK-də dinlənilir və müvafiq tövsiyələr hazırlanır.
Həmkarlar İttifaqı Komitəsi əməyin mühafizəsi üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarət edir. Hər ilin yekununda isə əməyin mühafizəsinin vəziyyəti müzakirə olunur.
Əməyin mühafizəsinə dair mövcud normativ – hüquqi aktlar toplusunun köməyi ilə HİK ictimai nəzarəti həyata keçirir.

Müəssisədə işə götürmə, qarşılıqlı münasibətlər, iş şərtləri və əsasları, işçilərin sosial müdafiəsi, təhlükəsizlik və digər məsələləri  Azərbaycan Respublikasının qanunları  çərçivəsində şirkət üzrə qəbul olunmuş İnsan Resursları Kodeksi  ilə tənzimlənir.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan