Realliğa Çevirəcəyimiz Məqsəd
Azərbaycanın şimal bölgəsi olan Xaçmaz rayonunda fəaliyyət göstərən “Qafqaz Konserv Zavodu” istehsal etdiyi yüksək keyfiyyətli və ləziz konserv məhsulları ilə artıq ölkə bazarında öz sözünü demişdir. İstehsal və satışın tənzimlənməsinə xidmət edən zavodun Lojistik şöbəsinin isə burada özünəməxsus yeri vardır.
Qeyd etmək lazımdır ki, “Qafqaz Konserv Zavodu”nun Lojistik şöbəsinin nəzdində fəaliyyət göstərən bölmələrin gördüyü işlər təqdirəlayiqdir. Bu işlərlə bağlı sizləri məlumatlandırmaq üçün jurnalımızın bu sayında Lojistik şöbəsinin müdiri Rüstəm Rüstəmovdan aldığımız müsahibəni diqqətinizə çatdırırıq.
1. Rüstəm bəy, “Azersun Holding” Şirkətlər Qrupundakı iş karyeranızla bağlı məlumat verməyiniz maraqlı olardı...
Artıq 5 ilə yaxındır ki, “Azersun Holding”də çalışıram. Qeyd edim ki, şirkətdəki fəaliyyətim dövründə “Qafqaz Konserv Zavodu”nda Planlama məmuru vəzifəsindən başlayaraq, Marketing bölməsində Konserv Məhsul şefi vəzifəsinə qədər yüksəlmişəm. Rəhbərliyin təlimatıyla, ötən ilin sonlarından etibarən “Qafqaz Konserv Zavodu”na, bu dəfə vəkalətən Lojistik şöbəsinin müdiri vəzifəsində çalışmağıma davam edirəm.
2. Əsasən fəaliyyətinizi hansı meyarlar üzərində qurmusunuz?
Mənim həyat fəlsəfəmdə birinci yeri insanlara qarşı səmimi münasibət tutur. Çünki iş karyerasında ən əhəmiyyətli məqamlardan biri ünsiyyətdir. Təbii ki, məsuliyyət və işgüzarlıq amillərini unutmamaq şərtilə.
3. Hal-hazırda, “Qafqaz Konserv Zavodu”nun Lojistik bölməsi özündə hansı fəaliyyətləri cəmləşdirir?
Lojistik bölməsinin əsas vəzifəsi istehsal və satışın tənzimlənməsi, bilavasitə hər iki tərəfin ehtiyaclarını həll etmək istiqamətində görülən işlərdir. Eyni zamanda bütün bu işlər balanslaşdırılmış bir biçimdə həyata keçirilməlidir.
Zavodun bütöv ərazisinin ətraf mühitə zərər verməyəcək qədər vəziyyətdə qorunması və təmiz saxlanılması, personellərin keyfiyyətli yeməklə təmin edilməsi məsələlərinə isə Lojistik şöbəsinin İdari İşlər bölməsi xidmət edir. Eyni zamanda qeyd etmək istəyirəm ki, istehsal edilmiş məhsulların yüklənməsi və daşınması prosesində bütün şərtlərə riayət edərək FİFO rejiminə diqqət yetirən Depo bölməsi özünün uğurlu fəaliyyəti ilə daim seçilir..
Lojistikanın digər qanadı olan Planlama bölməsi isə sadəcə stok raporlarının təsbit edilməsi ilə deyil, ümumilikdə istehsalın planlaması işini həyata keçirir. Və bu fəaliyyətə, istehsalda gərəkli olan materialların təmin edilməsindən, satış ehtiyatlarının qarşılanmasına qədər böyük bir proses aiddir.
4. Rüstəm bəy, Lojistik bölməsinin gələcək perspektivləri barədə düşüncələrinizi bizimlə bölüşməyinizi xəhiş edirəm.
Əlbəttə ki, ilk növbədə istehsalın düzgün planlaması və eyni zamanda məhsul maliyyətlərini düşürəcək faktorların təsbiti, ümumilikdə isə düzgünlük, dəqiqlik və yüksək məsuliyyət çərçivəsində fəaliyyətimizə davam edəcəyik. Bununla yanaşı “Qafqaz Konserv Zavodu”nun inkişaf pilləsində daha yüksək zirvəyə ucalması üçün hesablanmış yeni düşüncələrimizin mövcudluğunu və təbii ki, onların sadəcə düşüncə olaraq deyil, reallığa çevirəcəyimiz bir məqsəd olduğunu söyləmək istəyirəm.



Developed and Supported by